Abutalıb Mütəllim oğlu Məmmədov 1945-ci il iyul ayının 12-də Bakı şəhərində anadan olmuşdur.
Bakı Şəhəri (indiki Nəsimi rayonu) 44 nömrəli Orta Məktəbi bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili bölməsinə daxil olmuşdur. 1968-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1968-1970-ci illərdə hərbi xidmətdə (Misir Ərəb Respublikası) olmuşdur.
1973-1978-ci illərdə Misir Ərəb Respublikasında tərcüməçi vəzifəsində çalışmış, 1980-1983-cü illərdə isə Yəmən Ərəb Respublikasında fəlsəfə fənnindən dərs demişdir.
1971-1986-cı illərdə Azərbaycan Elmər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda, 1986-2007-ci illərdə isə Şərqşünaslıq İnstitutunda Elmi İşçi vəzifələrində çalışmışdır. 2000-ci ildən ömrünün sonuna qədər Azərbaycan Milli Elmər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin müdiri vəzifəsində işləmişdir.
1992-1993-cü illərdə Azərbaycan Respublikasının Prezident apparatında humanitar siyasət şöbəsinin məsləhətçisi vəzifəsində çalışmışdır.
1990-cı ildə Azərbaycandan həcc ziyarətinə ilk dəfə göndərilənlərin sırasında Abutalıb Məmmədov da var idi. Ziyarətdən qayıtdıqdan sonra qələmə aldığı “Ziyarət”, “Həcc bələdçisi”, “İslamın həcc ibadətləri” kimi əsərləri etiqadlı insanlar tərəfindən sevilə-sevilə, böyük maraqla oxunulurdu.
O, Azərbaycan Milli Elmər Akademiyasında işlədiyi müddətdə dəfələrlə Fəxri fərman və mükafatlar almışdır. Habelə 1994-cü ildə “Kamil sənətkar” diplomu təqdim edilməklə “Qızıl qələm” mükafatı, 1996-cı ildə isə Hacı Soltan adına “Paklıq” mükafatı almışdır.
1980-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
Abutalıb Məmmədovun ilk kitabı 1978-ci ildə nəşr olunub. Elmi fəaliyyəti dövründə 100-ə qədər məqalə, 12 kitab müəllifi habelə bir çox kitabların elmi redaktoru, məsləhətçisi olmuşdur. Eyni zamanda onlarla aspirant və dissertantlar onun yetişdirmələridir.
O, bir çox beynəlxalq konfrans və simpoziumlarda – İranda, Türkiyədə, İraqda, Misirdə, Macarıstanda və s. iştirak etməklə Azərbaycan elminin dünyada tanınması işinə laiqli xidmət göstərmişdir.
Çox təəssüf ki, Abutalıb Məmmədova əməyinin son bəhrəsini (“Vəhabilik” kitabı, 2008) görə bilmək qismət olmadı.
Amansız ölüm 2007-ci il dekabrın 15-də onu öz səngərində (kompüterin arxasında) aramızdan apardı.