Hacı

Abutalıb

Məmmədov

HACI ABUTALIB MƏMMƏDOV

               fəlsəfə elimləri üzrə fəlsəfə doktoru

 

Şübhəsiz ki, insan harada olmasından və kim olmasından asılı olmayaraq ölüm onu haqlayır. Bu bir haqqdır, həqiqətdir.

Abutalıb Məmmədovun vaxtsız ölümü onu nəzərdə tutduğu bir çox yazılarını tamamlamaqdan məhrum etdi. Ən böyük təəssüf doğuran məqam isə Quranın tərcüməsinin yarımçıq qalmasıdır.

Abutalıb Məmmədov həm qayğıkeş ailə başçısı, ətrafında olan insanlar, dostları üçün gözəl insan, həm də dəyərli bir alim idi.

Bu gün görkəmli islamşünas, dəyərli dost Hacı Abutalıbın anım məclisinə toplaşmışıq. Yaşasaydı bu gün onun 80 yaşı tamam olardı.

Müstəqillik illərində Abutalıb Məmmədov illərlə ürəyində gəzdirdiyi ideyalarını yeni-yeni kitablarda ərsəyə gətirdi. 90-cı illərdən bəri «Böyük Övliyalar» (1993 və 1998), «İslam istilahları lüğəti» (1994), «İslamda əsas sosial-fəlsəfi anlamlar» (2001), «İslam Fundamentalizmi» (2004), «Islamın Ziyarət İbadətləri» (2001), «Ziyarət» (1990) və «Həcc Bələdçisi» (1991), «Vəhabilik» (2008) kimi kitabları işıq üzü gördü.

Abutalıb Məmmədovun arxivini araşdırarkən diqqətimizi bir yazı cəlb etdi.

Yazı:

“Kəlbəcər rayonundan oxucumuz Məmmədov Bəhram redaksiyamıza belə bir məktubla müraciət etmişdir: “İslam” qəzetinin 1991-ci il 3 yanvar tarixli 4-cü nömrəsində Qur’anın “Fatihə” surəsinin təfsiri verilmişdir. Göstərilir ki, ərəb əlifbasının 28 hərfindən 7-si bu surədə işlədilməmişdir və həmin hərflərin hər biri 7 təbəqədən ibarət olan Cəhənnəmin adlarının baş hərfləridir. Bilmək istəyirəm ki, surədə işlədilməyən 7 hərf hansılardır. Xahiş edirəm ki, hərflərin və təbəqələrin adlarını göstərəsiniz.”

Bismillahir-Rəhmanir-Rəhim!

Qur’anı-Kərim “Fatihə” surəsi ilə başlayır. Surə 7 ayədən ibarətdir. Məkkədə nazil olunmuşdur. Surədə 25 söz var. Bu sözlər 113 hərfdən ibarətdir. Ərəb əlifbasında olan 28 hərfdən 7-sinə “Fatihə” surəsində rast gəlmirik. Bunlar “ث”, “ج”, “خ”, “ز”, “ش”, “ظ”, və “ف” hərfləridir.

Qur’anı-Kərimdə cəhənnəm 7 təbəqədən ya qatı olan bir quyu kimi təsvir edilir. Cəhənnəmin qatları (dərəcələri) olduğu kimi, cənnətin də qatları (dərəcələri) var və əgər cənnətin qatları yuxarı qalxırsa (su’ud), cəhənnəmin qatları aşağı düşür (hubut). Məsələn, Qur’anda buyurulur ki: “Münafiqlər odun aşağı qatlarındadır” (Nisa, 145).

Cəhənnəmin üstündə Sirat körpüsü var. Bu Sirat qılıncın ağzı kimi iti bir körpüdür. Adamlar cəzalarına görə, bu körpünün üstündən, ildırım kimi, quş kimi, sürünə-sürünə keçəcəkər və  keçmə sürətinə müvafiq olaraq odun əzabından dadacaqlsar. Keçə bilməyənlər cəhənnəmə düşəcəklər və yenə də günahlarının dərəcəsinə görə bu və ya digər qatda sakin olacaqlar. Qatların bir-birindən fərqi odun və əzabın dərəcəsinə görədir. Cəhənnəmin qatlarına qapılar açılır: “Odun yeddi qapısı var; onlardan hər qapı üçün ayrılmış hissə vardır” (Hicr, 44). Hər qatın sıra ilə adı belədir: cəhənnəm  (od), ləza (yandırıb–yaxan od), hütəmə (şiddətli od), sair (yanar od), səgər (istisi ilə vuran od), cəhim (alışıb yanan od) və haviyə (közlü od). Bu qatların hər birinə aid Qur’an ayələrindən bir misal gətirək:

Cəhənnəm: “Həqiqətən, cəhənnəm onların hamısına və’d olunmuş yerdir” (Hicr, 43).

Ləza: “Elə deyil! O, yandırıb–yaxan oddur” (Mə’aric, 15).

Hütəmə: “Hamısı hütəməyə atılacaqlar” (Hüməzə, 4).

Səir: “Onlar yanar oda salınacaqlar” (Nisa, 10).

Səgər: “İstisi ilə vuran odun toxunmasını dadın” (Təqabun, 10).

Cəhim: “Götürün onu, itələyin onu cəhənnəmin dərinliyinə!” (Duxan, 47).

Haviyə: “Onun anası haviyədir” (Qariə, 9).

“Fatihə” surəsində işlədilməyən hərflərdən bəziləri, məsələn “ظ” və “ث” cəhənnəmin qatlarından birinə bilavasitə işarə edirsə, digər hərflər cəhənnəmə dolayı yolla işarə edir. Məsələn, “ظ” — cəhənnəmə düşənlərin “həqqiy”; “ث” yəni bədbəxt olduğunu bildirir. “ز” belə adamların “zalım” olduğunu, yaxud cəhənnəmin “zulmət” olduğunu bildirir. Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Bu məktub və ona cavab bizi Hacı Abutalıbın arxivinə başqa gözlə baxmağa sövq etdi. Bəlkə böyük zəhmətlə başa gəlmiş bu yazılardan başqaları da fayadalana bilər? Bu sualı rəhbər tutaraq onun illər öncə tərcümə və təfsir etməyə başladığı, lakin təəssüf ki, tamamlamadığı Quran ayələrini sizinlə bölüşməyi qərara aldıq. Bəlkə kimsə qəlbinin gizli güşəsində qalan, onu narahat edən bir suala bu ayələri oxumaqla cavab tapacaq.

Abutalıb Məmmədovun əziz xatirəsi onu tanıyanların, onu sevənlərin qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin! Ruhu şad olsun!